FMG şirkəti biznes partnyorlarını bir araya topladı
25 Oktyabr 2019
“Facility Management Group” şirkəti oktyabr ayının 22-də “Hyatt Regency Baku” otelində biznes partnyorlarını bir araya toplayaraq “Əməkdaşlıq üfüqləri 2019” adlı illik tərəfdaşlıq tədbirini təşkil edib. Tədbirdə FMG şirkətinin əməkdaşlıq etdiyi 100-ə yaxın şirkət nümayəndəsi, habelə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi cənab Qulam İshaqzai, Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Egidijus Navikas, İtaliyanın Azərbaycandakı konsulu xanım Anna Mariya Biançi də iştirak edib.
Tədbiri giriş sözü ilə açan FMG şirkətinin direktoru Kamran Məmmədov qonaqları salamlayaraq şirkətin qısa vaxt ərzində əhəmiyyətli uğurlara nail olduğunu, öz portfoliosunu genişləndirərək daşınmaz əmlakın idarə edilməsi sektorunda aparıcı şirkətə çevrildiyini vurğulayıb. Şirkətin nailiyyətləri və inkişaf istiqamətləri barədə də qısa məlumat verən natiq gələcək məqsədlərə də toxunub: “İnkişaf etməyə meylli əməkdaşların cəlb edilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və satışın artırılması əsas nailiyyətlərimizdəndir. Tərəfdaşlarımızla əməkdaşlıq bağlarının möhkəmləndirilməsi, eləcə də müştəri məmnuniyyətinin yüksəldilməsi bizim üçün mühümdür. Gələcəkdə də bu istiqamətində səylərimizi gücləndirəcəyik.”
Daha sonra çıxış edən FMG şirkəti direktorunun birinci müavini Aydan Məmmədova şirkət strategiyasının əsas istiqamətlərindən bəhs edərək FMG şirkəti ilə iş birliyinin tərəfdaşlara qazandırdığı üstünlüklərdən danışıb: “Bizi digər daşınmaz əmlak şirkətlərindən fərqləndirən əsas cəhətlərdən biri bu biznesə əlavə dəyər qatmağı qarşımıza ən böyük hədəf kimi qoymağımızdır. Məqsədimiz peşəkar olmaqdır – istər əmlak məsələlərinin nizamlanmasında, istər ixtisaslaşmış kadrların yetişdirilməsində, istərsə də əmlakların istismarına qayğıkeş yanaşmada.”
Tərəfdaşlıq tədbirinin gedişatında söz alan icarə üzrə rəhbər Dərya Cəfərli şirkətin balansındakı biznes mərkəzləri və kommersiya sahələri, onların üstünlükləri barədə ətraflı məlumat verib. Xüsusən son zamanlarda şirkətin portfoliosuna daxil olan “Zefir Mall” və “Şərq bazarı” layihələrinin iş adamlarına cəlbedici perspektivlər vəd etdiyini, sahibkarlar tərəfindən maraqla gözlənildiyini qeyd edib. Daşınmaz əmlakın satış şöbəsinin müdiri İlham Allahverdiyev isə qonaqları həm təhvil verilmiş, həm də tikinti prosesi davam etdirilən yaşayış kompleksləri ilə tanış edib, “Hillside Residence”, “Nizami Boutique House” və “Xəzri Rezidens” yaşayış komplekslərinin sakinlər və daşınmaz əmlaka investisiya etmək istəyənlər üçün eksklüziv imkanlar təqdim etdiyini vurğulayıb.
Çıxışlardan sonra tədbir işgüzar söhbət atmosferində davam etdirilib və tərəfdaşlıq tədbirinin növbəti illərdə də ənənə şəklində davam etdirilməsinin önəmi qeyd olunub.