Ev alarkən diqqət yetirməli olduğumuz 9 vacib məqam
04 Avqust 2021
Hamımız xəyallarımızdakı kimi bir evə sahib olmaq istəyirik. Lakin, bu evi almağa qərar verdiyimiz zaman diqqət yetirməli olduğumuz bir neçə vacib məqam var. Hər şeydən əvvəl, alacağımız evin bütün detallarını araşdırmalı və sonra almalıyıq. Görmədiyimiz və bütün təfərrüatlarını bilmədiyimiz bir ev aldığımız zaman istəmədiyimiz nəticələrlə qarşılaşa bilərik. Mümkün olarsa, bu mövzuda məlumatlı birinə müraciət edərək daha uğurlu qərar verə bilərsiniz.
Xəyallarınızdakı evi almağa qərar verdinizsə və hansı məsələlərə diqqət yetirməli olduğunuzu düşünürsünüzsə, doğru ünvandasınız. Bu yazıda ev alarkən diqqət etməli olduğunuz 9 məqamı sizin üçün hazırladıq.
1. Ev üçün lazımlı büdcənin təyin olunması
Bir ev almaq istəyirsinizsə, ilkin olaraq büdcənizi müəyyənləşdirməlisiniz Büdcənizdəqiqləşdirərək axtarışınızı yığcamlaşdırıb arzuladığınız evi daha asanlıqla tapa bilərsiniz. Həmçinin hansı bankdan nə qədər kredit götürə biləcəyinizi və nə qədər depozit verə biləcəyinizi hesablamaq da alış prosesinizi asanlaşdıracaq və sürətləndirəcək.
2. İpoteka müqaviləsi
Büdcəni hesablayarkən, evi ipoteka ilə almağa qərar verdiyiniz təqdirdə, tələsmədən çox diqqətlə araşdırmalısınız. Bankların təklif etdiyi ipoteka kreditinin ilkin ödənişi, ödəmə müddətini və illik faiz dərəcələrini müqayisə edin.
3. Detalların nəzərə alınması
Mənzil alarkən bütün detalları nəzərə almaq vacibdir. Evin kiçik, eyni zamanda cəlbedici xüsusiyyətlərinin sizi aldatmasına icazə verməyin. Evin yeri, ətrafı, ümumi yaşayış sahəsi, fiziki xüsusiyyətlər, infrastruktur kimi bütün detalları nəzərdən keçirin. Məsələn, amerikan mətbəxi olan evin sizi valeh edib qərarınıza təsir etməsinə icazə verməyin. Digər detalları da nəzərdən keçirin; məsələn, tavan hündürlüyü necədir, sahəsi sizin üçün uyğundur, neçə otaq var, hansı tərəfdə yerləşir, eyvanı və ya terrası varmı? Bu cür bütün detalları araşdıraraq və baxdığınız digər evləri nəzərə alaraq seçiminizi etmək daha düzgün olacaq. Ömrünüzün qalan hissəsini keçirmək istədiyiniz evin sizə nə dərəcədə uyğun olduğunu ailənizlə də müzakirə etməkdən çəkinməyin.
4. İstədiyiniz yer və ərazinin təyin edilməsi
Xəyallarınızdakı evi axtararkən nəzərə alınacaq başqa bir məsələ də binanın yerləşməsidir. Alacağınız evin işinizə, məktəbə, ictimai nəqliyyata, xəstəxanalara və istədiyiniz sosial mühitə məsafəsini bilməlisiniz. Bu məlumatları istəklərinizə görə siyahıya alaraq çox sürətli axtarış edə bilərsiniz. Satın aldıqdan sonra istənməyən sürprizlərlə qarşılaşmamaq üçün istəyinizi ətraflı şəkildə nəzərdən keçirməli və qərar verməlisiniz.
5. Bazar araşdırması və qiymətləndirmə
Böyük pullar xərcləmədən əvvəl nəzərə alınacaq başqa bir məqam bazar araşdırması aparmaqdır. Evləri istədiyiniz xüsusiyyətlərinə görə ətraflı müqayisə etmək daha yaxşı nəticələr verəcəkdir. Siyahını hazırlayarkən vəziyyətdən asılı olaraq imtina edə biləcəyiniz xüsusiyyətləri nəzərdən keçirmək faydalı ola bilər. Beləliklə, müqayisə edərək, sual işarələrindən qurtula və qiymət performansı baxımından daha sərfəli bir satınalma edə bilərsiniz. Bunlara əlavə olaraq, mənzili alacağınız şirkəti də seçməlisiniz. Tam əmin olmadığınız məqamlarda vəziyyət aydınlaşana qədər alış etməməyiniz daha məqsədəuyğun olacaqdır.
6. Şirkət etibarlılığı
Mənzil alışı prosesindəki ən vacib məsələlərdən biri də şirkətin etibarlılığıdır. Xüsusilə də yeni bir binadan mənzil almağa hazırlaşırsınızsa, layihənin sahibi olan şirkəti hərtərəfli araşdırmalısınız. Beləliklə, yarana biləcək hər hansı bir problem zamanı şirkətin sizə necə kömək edə biləcəyi barədə bir fikriniz olacaq. Şirkəti araşdırarkən, varsa, mütləq köhnə layihələrinə nəzər salmalısınız. Müştəri şərhlərini nəzərə almaq da çox faydalıdır. Həmçinin, ev sahiblərinin hansı problemlərlə qarşılaşdıqları və bu problemlərin necə həll edildiyi kimi məsələləri qiymətləndirmək sizin üçün çox faydalı ola bilər. Ev almaq qərarına gəldiyiniz anda şirkətə getmək və bütün detalları danışmaq gələcəyiniz üçün çox düzgün bir seçim olacaq.
7. Mənzili görməlisiniz
Mənzil alınmadan əvvəl baxılmalıdır. Mümkünsə, birbaşa satış edən şəxs və ya şirkətlə danışmaq daha faydalı olardı. Beləliklə, ortaya çıxa biləcək problemlərin qarşısı alınır və satış əməliyyatları ilə bağlı bütün detallar daha asan həll olunur. Bina hələ tikinti mərhələsindədirsə, ərazinin planlaşdırılmasını və ya bənzər sənədləri bütün detalları ilə araşdırmalı və mümkünsə məlumatlı bir şəxsdən kömək almalısınız. Kifayət qədər istinad yoxdursa və bir sual işarəsi qoyan məqamlar varsa, satınalma edilməsi gələcəkdə böyük problemlərə səbəb ola bilər.
8. Fasad seçimi və izolyasiyası
Fasad seçimi də ev alarkən nəzərə alınmalı amillərdən biridir. Doğru fasadı seçərək həm günəş işığından daha çox faydalana, həm də istiik enerjisi baxımından qənaət edə bilərsiniz.İzolyasiya öz-özlüyündə fərqləri göstərir. Xüsusilə istilik izolyasiyası sayəsində artıq xərclərdən xilas ola bilərsiniz.
9. Alqı - satqı müqaviləsi
Sonda xəyalınızdakı evi tapdınız və onu almağa qərar verdiniz. Satın alarkən alıcı və satıcı bir satış müqaviləsi bağlamalı və bir notariusun iştirakı ilə imzalamalıdırlar. Bu müqavilə sayəsində hər hansı bir pul və ya hüquq itkisinin qarşısı alınır. Bundan əlavə, hər iki tərəfin öhdəliklərini və istəklərini əhatə edən, mənzilin qiymətinin əks olunduğu alqı-satqı müqaviləsi notariusda imzalanmalıdır