FMG-nin SƏTƏMM şöbəsi beynəlxalq regional təlimdə
14 Noyabr 2019
Noyabr ayının 5-dən 8-dək Bakıda 36 ölkənin iştirakı ilə BMT-nin Beynəlxalq Axtarış və Xilasetmə üzrə Məşvərət Qrupunun (INSARAG) və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq regional təlim keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının 25-dən artıq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə yeganə özəl müəssisə olaraq ölkəmizi təmsil edən “Facility Management Group” şirkəti uğurlu iştirakı ilə yadda qalmışdır.
Təlim zamanı ssenariyə uyğun olaraq fəlakət nəticəsində zərərçəkmiş ölkəyə beynəlxalq humanitar yardımın göstərilməsi, fövqəladə halların idarə olunması və zəlzələ zamanı xilasetmə tədbirləri sahəsində prosedurlar (simulyasiyalar üzrə) icra edilib.
Bu baxımdan təqdim edilmiş ssenariyə uyğun olaraq “Facility Management Group” MMC-nin idarəetməsində olan bütün daşınmaz əmlaklar üzrə fövqəladə halların baş verməsi zamanı vəziyyətin idarə olunması, dövlət qurumları ilə əlaqələrin təşkili və digər zəruri cavab tədbirlərinin nümayişi üçün Fövqəladə Hallar Planı şirkətin SƏTƏMM şöbəsi tərəfindən hazırlanaraq BMT-nin Azərbaycan ofisinin rezident əlaqələndiricisi Qulam İsaczai və Müstəqil Dövlətlər Birliyinin təbii fəlakətlərə cavab tədbiri üzrə əlaqələndiricisi Roberto Kolanceloya təqdim edilmiş və müzakirələr aparılmışdır.
Təlimin gedişatı zamanı ssenari üzrə yaradılmış Fövqəladə Hallar Komissiyasının sədri general-mayor Kamil Bağırov FMG tərəfindən təqdim edilən Fövqəladə Hallar Planını uğurlu hesab etdiyini və şirkətin özəl müəssisə kimi tədbirdə iştirakının təqdirlə qarşılandığını bildirmişdir.
Qeyd edək ki, daşımaz əmlakın idarəedilməsi üzrə ölkənin aparıcı şirkəti olan FMG binalarda yanğından mühafizə sisteminə nəzarət və yanğından mühafizə tədbirlərinin keçirilməsini müəyyən edilmiş standartlar əsasında, təhlükəsizlik qaydalarına riayət edilməklə yerinə yetirir.