Beynəlxalq təcrübənin öyrənilməsi sahəsində FMG-dən növbəti uğur
03 Aprel 2020
Azərbaycanın daşınmaz əmlak bazarında hər zaman beynəlxalq təcrübəni tətbiq etməsi ilə seçilən “Facility Management Group” şirkəti ilklərə imza atmasını davam etdirməkdədir. Növbəti bu cür nailiyyət FMG şirkəti direktorunun 1-ci müavini Aydan xanım Məmmədovanın adı ilə bağlı olmuşdur.
Belə ki, FMG şirkəti direktorunun 1-ci müavini Aydan Məmmədova CCIM (Certified Commercial Investment Member) institunun bir il davam edən tədris proqramını uğurla başa vuraraq yekun imtahanı yüksək göstəricilərlə bitirmişdir. Proqramı uğurla bitirən namizədlər sentyabr ayında rəsmi tədbir ilə diplomlar və döş nişanları ilə təltif olunacaqlar.
Daşınmaz əmlak sahəsində ən nüfuzlu peşəkar təşkilat kimi tanınan CCIM institutu 50 ildən artıqdır ki, fəaliyyət göstərir və hal-hazırda düzya üzrə 18000-dən çox üzvü var. CCIM dərəcəsi kommersiya yönümlü daşınmaz əmlak sahəsində beynəlxalq səviyyəli peşəkar kvalifikasiyanı təsdiq edir. Azərbaycanda bu beynəlxalq dərəcəyə sahib olan ilk mütəxəssis məhz Aydan xanım olmuşdur. Şirkətimiz adından Aydan Məmmədovanı təbrik edir, ona gələcək fəaliyyətində daha böyük nailiyyətlərə imza atmasını arzulayırıq.
Qeyd edək ki, Facility Management Group 400-dən artıq ofis və yaşayış binası, biznes və ticarət mərkəzi və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir. “Dəyərimiz insanlarımızdır” sloqanını əsas götürən “Facility Management Group” mütəmadi olaraq əməkdaşlarının müxtəlif beynəlxalq təlim, konfrans və sərgilərdə iştirakına, onların davamlı inkişafına xüsusi diqqət ayırır və bununla ölkənin daşınmaz əmlak sektoruna innovativ standartların gətirilməsinə öz töhfəsini verməkdədir.