
“Təhsildən – Karyeraya” layihəsinin təqdimatı keçirildi
31 Yanvar 2025
Synergia Academy və FMG şirkətləri, Azərbaycan Texniki Universiteti, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birgə gənclərin karyera inkişafına dəstək göstərən yeni proqramı təqdim etdi.
Proqram 18-30 yaş arası ali təhsilli Azərbaycan gənclərinin peşəkar fəaliyyətlərinə dəstək olmağı və onları FMG şirkətinin tabeliyindəki müxtəlif biznes və ticarət obyektlərində işlə təmin etməyi hədəfləyir.
Tədbirin açılışı Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyevin nitqi ilə başladı. Rektor bu cür layihələrin aktual olduğunu vurğuladı və tələbələrin karyera inkişafında, universitet proqramlarının sənayenin tələblərinə uyğunlaşdırılmasının, eləcə də sənaye ilə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyindən bəhs etdi.
Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektoru, professor Akif Qasımov çıxış edərək ali təhsil müəssisələrinin əsas məqsədlərindən birinin əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli kadrların hazırlanması olduğunu qeyd etdi. O, hər bir ixtisas üzrə tələb olunan bacarıqların mənimsənilməsi və sənaye müəssisələri ilə sıx əlaqələrin daim inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı.
Synergia Academy şirkətinin icraçı direktoru Rəna Əfəndiyeva isə şirkətin fəaliyyət istiqamətlərindən və bu proqramın gənclərə yaratdığı imkanlardan söz açdı. Onun çıxışında, “Təhsildən – Karyeraya” proqramının gənc mütəxəssislərin peşəkar hazırlıq səviyyəsini artıracağı və real iş mühitində inkişaflarına dəstək olacağı xüsusi qeyd edildi.
FMG şirkətinin icraçı direktoru İlham Allahverdiyev çıxışında layihənin şirkətin strateji məqsədləri ilə uyğun olduğunu bildirdi. O, tərəfdaşlığa görə minnətdarlığını ifadə edərək, bu proqramın gənclərə karyera imkanları yaratmaqla Azərbaycanın iqtisadi inkişafına töhfə verəcəyini vurğuladı.
Qeyd edək ki, “Təhsildən – Karyeraya” proqramı, Synergia Academy və FMG şirkətlərinin birgə təşəbbüsü ilə, yerli gəncləri müasir peşə tələblərinə uyğun hazırlamaq və onların uzunmüddətli karyera perspektivlərini gücləndirmək məqsədi daşıyır