
Facility Management* nədir?
14 Aprel 2020
(*Facility management – tərcümədə daşınmaz əmlakın idarəedilməsi və istismarı kimi təqdim olunur)
Facility Management Group (FMG) – fəaliyyət göstərdiyi daşınmaz əmlakın idarə edilməsi və istismarı sahəsinə aid bu peşəkar termini öz adında istifadə edən ilk Azərbaycan şirkətidir. İnkişaf etmiş ölkələrdə, demək olar ki, istənilən kommersiya və qeyri-kommersiya strukturlarında “facility management” bölməsi mövcuddur. Onun fəaliyyət obyektləri daşınmaz əmlakın istənilən forması ola bilər – dövlət və bələdiyyə müəssisələri, universitetlər, xəstəxanalar, biznes mərkəzləri, yaşayış binaları, iri nəqliyyat qovşaqları, hava limanları, vağzallar və s. Birləşmiş Krallıqda mütəxəssislər çox vaxt “Facility Manager is a person who wears many hats” (facility menecer çoxlu şlyapa taxan adamdır) ifadəsini işlədirlər, bununla da nəzərdə tutulur ki, həmin şəxs daşınmaz əmlak obyektlərinin texniki istismarının təhlükəsizliyinin təmin edilməsi, binaların funksionallığının təkmilləşdirilməsi, həmin obyektlərinin daxilində icarəçilərin və ya sakinlərin həyat və biznes fəaliyyətinə tələb edilən şəraitin yaradılması üçün biznes idarəçiliyi, mühəndislik, memarlıq, ünsiyyət psixologiyası prinsiplərini bilməli, universal düşüncə tərzinə malik olmalıdır.
1990-cı ildən başlayaraq “facility management” ABŞ və Qərbi Avropanın bir çox aparıcı universitet və kolleclərində akademik elm sahəsi kimi qəbul olunur və tədris proqramlarının ayrılmaz tərkib hissəsini təşkil edir.
Aşağıdakı universitetləri misal gətirmək olar (bu universitetlərin tədris proqramları IFMA (International Facility Management Association) tərəfindən qəbul edilir): Cornell University, Eastern Michigan University, Ferris State University (Miçiqan), University of Strathclyde-Centre for Facilities Management (Qlazqo), University of Southern Colorado və s.
IFMA – dünyanın 100-dən çox ölkəsində nümayəndəliyi olan nüfuzlu beynəlxalq assosiasiyadır. Təşkilatın rəsmi saytında (www.ifma.org) qeyd edilən məlumata görə, hal-hazırda assosiasiyanın 23.000-dən çox üzvü var.
Bundan əlavə facility menecerləri özündə birləşdirən çox sayda peşəkar təşkilatlar, bu istiqamətdə fəaliyyət göstərən institut və kommersiya yönümlü daşınmaz əmlak assosiasiyaları da mövcuddur: Association for Facilities Engineering (AFE) (https://www.afe.org/), Association for Physical Plant Administrators (APPA) (https://www.appa.org/), International Association of Museum Facility Administrators (IAMFA) (https://www.iamfa.org/), Restaurant Facility Management Association (RFMA) (https://www.rfmaonline.com/), The Construction Specifications Institute (CSI) (https://www.csiresources.org/, Institute of Real Estate Management (IREM) (https://www.irem.org/), BOMA Institute (https://www.boma.org/) və s.
Postsovet məkanında qərb ölkələri nümunəsində rastlaşdığımız “facility management” - idarəetmə şirkətləri və bu sahədə rəqabət faktiki olaraq mövcud deyil. Azərbaycanda bu tip şirkətlər barmaqla sayılası qədərdir. Əsas rəqib isə hər bir işi özü yerinə yetirməyə çalışan binanın mülkiyyətçisidir. İlk baxışdan bizim bazarda bu xidmətlərə tələbatın olmadığı təəssüratı yarana bilər, amma əslində belə deyil. Bu sahə ilə əlaqədar qanunvericilikdə boşluqların çox olması, xidməti normativlərin yoxluğu bu cür şirkətlərin yaradılmasını və inkişaf etməsini ləngidir, belə ki, bu faktorlar şirkətlərin gəlir əldə etmələrini çətinləşdirir. Xüsusilə yaşayış məqsədli daşınmaz əmlak sahəsində debitor borc məsələsi böyük bir problem olaraq qalır, belə ki, ödəniş mexanizmi və idarəetmə ilə məşğul olan şirkətin göstərdiyi xidmətlər müvafiq qanunlarla və bu qanunların icra mexanizmləri ilə deyil, tərəflər arasındakı razılaşmalar ilə tənzimlənir.
İstənilən sahədə olduğu kimi, idarəetmə ilə məşğul olan şirkətlərdə də biznesin inkişaf tempi bazarın şəffaflığından, ölkənin iqtisadi və siyasi stabilliyindən, yüksək klassifikasiyalı daşınmaz əmlak obyektləri arasında rəqabətin yaranmasından, binanın infrastrukturunun baxımına və maliyyə axınlarının optimallaşdırılmasına peşəkar yanaşmaya tələbatın olmasından asılıdır.
Bizim bazarda daşınmaz əmlakın idarəedilməsi üzrə ixtisaslaşan şirkətlər öhdəliklərin böyük qismini özlərinin işçi qüvvəsi hesabına yerinə yetirsələr də, texniki cəhətdən çətin olan, lisenziyalaşma tələb edən işləri subpodratçı şirkətlərə həvalə edirlər. Bu fəaliyyət sahəsi ilə məşğul olan şirkətlər arasında əsasən öz fəaliyyətinə müəyyən bir istiqamətdə, məsələn, təmizlik və ya keytrinqlə başlayaraq, daha sonra xidmət göstərdiyi sahələri və buna müvafiq olaraq əməkdaşlarının sayını artıraraq “facility management” – binaların idarəedilməsi və istismarı sahəsinə keçid alan şirkətlərə rast gəlmək olar.
Burada beynəlxalq arenada özünü “facility management” olaraq xarakterizə edən şirkətlərin müxtəlifliyi və spesifikasiyasını qeyd etmək önəmlidir. Onlar dörd növ fəaliyyət istiqaməti üzrə fərqlənir:
•Facility Management – burda daşınmaz əmlak obyektlərinin infrastrukturunun idarə edilməsi, binanın daxili mühitində funsksionallığın və həyat fəaliyyətinin təmin edilməsi və yaxşılaşdırılması nəzərdə tutulur.
•Building Management – “facility management”in tərkib hissəsi kimi adətən inşaat mərhələsindən başlayaraq müəyyən bir binanın idarə etməyə alınması daxil bütün mərhələləri özündə birləşdirir (gələcəkdə binanın texniki istismarının optimallaşdırılması məqsədilə layihələndirmədə iştirak etməklə yanaşı obyektin birbaşa idarəedilməyə qəbulu nəzərdə tutulur).
•Property Management – mülkiyyətin idarəedilməsinin ikinci tərəfə etibar edilməsini nəzərdə tutur və daşınmaz əmlak obyektinin texniki istismarının təşkili ilə yanaşı özündə icarə satışlarının idarə olunmasını da birləşdirir.
•Asset Management – bütün aktivlərin idarə edilməsi, investisiya analizləri, kreditləşmə, daşınmaz əmlak obyektinin təyinatının müəyyənləşdirilməsini və s. özündə birləşdirir.
“Facility management” anlayışının nədən ibarət olması baxımından bu fəaliyyət növləri barədə növbəti yazılarımızda daha ətraflı bəhs edəcəyik.
![]() | Aydan Məmmədova |